Dünənki açıqlamalardan məlum olur ki… - Keçmiş təhlükəsizlik zabiti yanğınlardan danışdı
Mətn ölçüsü:
  • 100%

Dünənki açıqlamalardan məlum olur ki… - Keçmiş təhlükəsizlik zabiti yanğınlardan danışdı

Zaman-zaman ölkə ərazisində itkilərlə qeydə alınan yanğın hadisələri baş verir.

Ölkə.Az xəbər verir ki, bu ilin əvvəlində baş verən yanğınlar sırasında Respublika Perinatal Mərkəzində və Binəqədidəki mebel sexində baş verən yanğınlar itkilər olmasına görə uzun müddət gündəmdən düşmədi. Hətta Fövqəladə Hallar Nazirliyi şəhərin mərkəzindəki bir sıra müəssisələrdə yanğın təlimləri keçirməyə başladı. İnsanlar əvvəlcə yanğın baş verdiyini düşünsə də, sonradan təlim olduğu üzə çıxdı.

Bu cür hadisələr baş verən zaman səsləndirilən ehtimallar arasında yanğınların qəsdən törədilməsi iddiaları da yer alır. 

Mövzu ilə bağlı Ölkə.Az-a danışan keçmiş Milli Təhlükəsizlik Nazirliyinin təqaüddə olan polkovnik-leytenantı, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bu cür bədbəxt hadisələri soyuq havalarla əlaqələndirilib. O, yanğınların qəsdən törədilməsi ehtimalını istisna edir:

"Burada qəsdən törədilmə məsələsi yoxdur. İlin əvvəlindən başlayan bu yanğın hadisələri havaların sərtləşməsi ilə bağlıdır. Adətən, həmişə yanvar ayında elektrik qızdırıcıları, qazla bağlı olaraq belə məsələlər ortaya çıxır. Təəssüf ki, Fövqəladə Hallar Nazirliyi (FHN) zamanı düzgün dəyərləndirmir. Düzgün dəyərləndirsə, profilaktik tədbirlərini zəif bənd olan obyektlərdə daha da gücləndirsə, maarifləndirmə işi apara bilər. Çox təəssüf ki, yalnız yanğınlar baş verəndən sonra söndürülməsi ilə məşğul olurlar. Hər halda indiki məqamda dövlət təhlükəsizliyi ilə bağlı bir məqam yoxdur. Sadəcə olaraq, bundan sonra böyük obyektlərdə profilaktik tədbirlərin aparılması çox vacibdir. Əvvəllər də böyük tikinti obyektlərində, mağazalarda, böyük marketlərdə yanğın hadisələri baş verib. Amma bunun səbəbləri daha çox səhlənkarlıqla əlaqədar olub. Bunun qəsdən törədilməsi, kənar qüvvələrin Azərbaycana təzyiq vasitəsi olduğunu düşünmək lazım deyil. Bu il ən böyük partlayış mebel sexində baş vermişdi. Dünənki açıqlamalardan məlum olur ki, həmin yanğın da o yerin sahiblərinin səhlənkar hərəkətləri nəticəsində baş verib. 
Amma burada təkcə obyekt sahiblərinin yox, eyni zamanda bu işə nəzarət edən yanğının təhlükəsizliyinə cavabdeh olan FHN-in də üzərinə məsuliyyət düşür", - deyə o əlavə edib.

Billurə